Əziz tələbələr!
Hikmət Elm və Tədris Mərkəzi sizi geniş və zəngin elmi mövzuları əhatə edən ödənişsiz və qeydiyyatsız video dərslərlə tanış olmağa dəvət edir!
Təqdim olunan video formatlı dərslər sayəsində istədiyiniz vaxtda və istədiyiniz məkanda öz elmi inkişafınızı təmin edə bilərsiniz.
Hazırda müxtəlif sahələri əhatə edən 22 fərqli dərs mövcuddur. Bu dərslər həm klassik dini elmləri, həm də müasir fəlsəfi və psixoloji yanaşmaları əhatə edir. Hər dərs müvafiq sahədə ixtisaslaşmış müəllimlər tərəfindən təqdim olunur.
Hədis üsulu, İslamın 2-ci əsas qaynağı olan sünnənin elmi qorunma sistemidir. Bu dərslər sayəsində dinimizi daha düzgün başa düşmək, elmi əsasla müdafiə etmək və dini xurafata qarşı ayıq olmaq mümkün olur. Hədis üsulu sayəsində səhih (doğru) və zəif (etibarsız) hədislər ayırd edilir. Tələbə hər gələn məlumatı düşünmədən qəbul etmir, sorğulayır və yoxlayır.
İslam tarixi əziz İslam Peyğəmbəri həzrəti Muhəmmədin (s) həyatından başlayır və imamət tarixi, xilafət və s. hadisələri əhatə edir. Dərsimiz tarixi xronologiyanı öyrənib əzbərləməyi əsas götürməklə deyil, əxlaq və mənəviyyat fonunda təhlil üzrə aparılacaq. Yəni tarixi hadisələr islamın hədəfi, əxlaq, əqidə və mənəvi prinsiplər fonunda təhlil olunacaq. Tarixi öyrənməkdə insanların müəyyən məqsədləri var, bu dərsin hədəfi tarix oxuyarkən insanların islahını da nəzərə almaqdan ibarətdir, belə ki, insan sentimental varlıq olduğu üçün tarixi hadisələr onun qəlbində özünəməxsus təsirlər qoyur.
İslam dininin təməl inanclarından biri də yer üzünü haqq-ədalətlə dolduracaq şəxsin zühuruna inancdır. Məhdəviyyət dərsləri əsasən Hz. Mehdinin (ə.f) barəsində tarixi qaynaqlarda gələn məlumatlardan bəhs edir, xüsusən də zühura qədər olan dövrdə İmamın (ə.f) intizarının fəlsəfəsi açıqlanır. Zühur baş verdikdən sonra isə, Allahın istəyinə müvafiq şəkildə insanlara edəcəyi rəhbərlik barəsində nəqli dəlillərdən və bu rəhbərliyin fəlsəfəsindən danışılır. Bu bilgilərə sahib olmaq insanın özünün mənəvi inkişafı üçün çox zəruridi, eyni zamanda Quranın vədini insanlara çatdırmaqdı.
Peyğəmbər (s) zəmanə imamını tanımağımız barədə bir hədisində belə buyurmuşdur:
“Öz zəmanəsinin imamını tanımadan ölən şəxs, cahiliyyət dövründə ölən şəxs kimidir”
Qurani-Kərimin ilahi vəhy və əbədi möcüzə olması müsəlmanların ona əhəmiyyət verərək mənimsəməyə böyük maraq göstərmələrinə səbəb olmuşdur.
İlk öncə bu dərsdə səmavi kitabın "Quran" adlanmasının, ərəb dilində olmasının səbəbi kimi məsələlərdən danışılır. Quranın tarixinə keçid edərək onun iki şəkildə nazil olması - bir dəfəyə nazil olması və tədrici nazil olması, yazılması və yığılması və s. məsələlərlə tanış olacağıq.
Eləcə də, Quranın təhrif olunmadığına dair dəlillər, onun möcüzəliyi, möhkəm və mütəşabih ayələri, nasix və mənsux ayələrinin araşdırılması kimi mövzulardan bəhs ediləcək.