Dərslərimiz

Əziz tələbələr!

Hikmət Elm və Tədris Mərkəzi sizi geniş və zəngin elmi mövzuları əhatə edən ödənişsiz və qeydiyyatsız video dərslərlə tanış olmağa dəvət edir!


Təqdim olunan video formatlı dərslər sayəsində istədiyiniz vaxtda və istədiyiniz məkanda öz elmi inkişafınızı təmin edə bilərsiniz.


Hazırda müxtəlif sahələri əhatə edən 22 fərqli dərs mövcuddur. Bu dərslər həm klassik dini elmləri, həm də müasir fəlsəfi və psixoloji yanaşmaları əhatə edir. Hər dərs müvafiq sahədə ixtisaslaşmış müəllimlər tərəfindən təqdim olunur.


  • 1. İslam etiqadı (Əqaid) - Elşən İsmayılov
  • 2. İnsanşünaslıq - Ramil Bədəlov
  • 3. Din psixologiyası - Mail Yaqub
  • 4. İslam fəlsəfəsi - Vaqif Quliyev
  • 5. Epistemologiya - Emin İmanlı
  • 6. İslam tarixi - Şahlar Şərifov
  • 7. Hədis elmi və tarixi - Samir Əzizov
  • 8. Məntiq - Elbrus Kərimov
  • 9. İmamların tarixi və təhlili - Elşən İsmayılov
  • 10. Qərb fəlsəfəsi - Vaqif Quliyev
  • 11. Yeni dövr qərb fəlsəfəsi - Vaqif Quliyev
  • 12. Əxlaq fəlsəfəsi - Vaqif Quliyev
  • 13. Məhdəviyyət - Elşən İsmayılov
  • 14. İslam tarixi və təhlili - Elşən İsmayılov
  • 15. Yeni kəlam (Müasir teologiya) - Vaqif Quliyev
  • 16. Dinlər tarixi - Şahlar Şərifov
  • 17. Quranla tanışlıq - Elşən İsmayılov
  • 18. Məzhəblər tarixi - Şahlar Şərifov
  • 19. İslam şəriəti (ibadət bölməsi) - Elbrus Kərimov
  • 20. İslam şəriəti (ictimai mövzular) - Elbrus Kərimov
  • 21. Üsul elmi - Elbrus Kərimov
  • 22. İslam əxlaqı və fəlsəfəsi - Elşən İsmayılov

Video dərslər

İslam şəriəti (ibadət bölməsi)
Elbrus Kərimov - İslam şəriəti (ibadət bölməsi)

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam şəriəti (ibadət bölməsi) dərsi ilahiyyatçı Elbrus Kərimov tərəfindən tədris edilir.

 

Allah insanı yaratdığı üçün ona nələrin xeyirli və zərərli olduğunu daha yaxşı bilir. Allahın bizim üçün müəyyənləşdirdiyi qanunları bu dərsdə öyrənə bilərik.

 

İslam qanunları iki hissəyə bölünür:
- İctimai qanunlar
- Fərdi qanunlar (ibadət bölməsi)

 

Bu dərsdə ibadət bölməsinə, yəni fərdi məsələlərə aid qanunlar barəsində məlumat veriləcək.

 

Misal olaraq, ibadət bölməsinin aşağıdakı məsələlərini dərin formada öyrənəcəksiniz:
- niyə təqlid etməliyik?
- nələr orucu batil edir?
- nələr namazı batil edir?
- namaz necə düzgün qılınmalıdir?

 

İslam şəriəti (ibadət bölməsi) 59 dərsdən ibarətdir.

İslam əxlaqı və fəlsəfəsi
Elşən İsmayılov - İslam əxlaqı və fəlsəfəsi

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam əxlaqı və fəlsəfəsi dərsi ilahiyyatçı Elşən İsmayılov tərəfindən tədris edilir.

 

Bildiyimiz kimi, Yaradan vəhy vasitəsi ilə öz bəndələrinə onların əql və təcrübi yolla çata bilməyəcəyi həqiqətlərdən xəbər vermiş, həm dünya, həm də axirətin səadətinə nail olmağın yollarını göstərmişdi. Belə ki, ilahi vəhyə əsasən insan iki hissədən - cisim və ruhdan təşəkkül tapmışdır. Həmçinin, Yaradan İlahi konsepsiyada (vəhy) ruhun əzəmətindən danışaraq bildirmişdir ki, ruh təkamülə çatmaq, ali ilahi məqamlara sahib olma potensialındadır. İnsanlar Yaradanın vəhy vasitəsilə verdiyi göstərişlərə əməl etməklə, ali insani dəyərlərə, ali ilahi məqamlara sahib ola bilərlər. Axirət aləmində qərar tutacağı məqam da, məhz onun dünyada sahib olduğu ruhiyyəyə və kimliyə adekvat olacaqdır.
Bəs nə üçün insan məhz vəhy vasitəsi ilə deyilən əxlaqi əməl və göstərişlərə əməl etməlidir?!
Cavabında deməliyik ki, təkcə Yaradandır ki, aləmdə hər bir əməl və münasibətlərin insan ruhiyyəsində necə təsirə malik olduğunu bilir. Ona görə də, bəndələr məhz onun göstərişlərinə əməl etməklə ruhlarını təkamülə çatdıra, ali ilahi məqamlara sahib ola bilərlər...
Sonda onu da deməliyik ki, səhv olaraq belə başa düşülür ki, islam əxlaqı zahiri forma əxlaqından, formal etik qaydalardan danışır. Əksinə, sizlər bu dərslərdə öyrənəcəksiniz ki, islam əxlaqına əsasən ilk öncə insanın daxili aləmi, məzmunu, ruhiyyəsi sahmana salınmalıdır. Zahiri formada olan etik qaydalar isə daxili ruhiyyədən qaynaqlanmalıdır. İslam əxlaqına əsasən ruhiyyədən doğmayan zahiri əxlaq nümunələri əslində əxlaqlı olmaq yox, əxlaqa əməl etmək anlamına gəlir. Belə bir insan ali insani ruhiyyəyə sahib olmadığı üçün onun axirət aləmində qərar tutduğu məkan da ali olmayacaqdır. Ona görə də, deməliyik ki, dinin göstərişlərinə əməl etmək insanın ruhiyyəsini ali insani dəyərlərə, ali məqamlara çatdırmaq hədəfini izləyir, nəinki formal zahiri marketinq əxlaqına riayət etmək.
Bunlardan əlavə, bu dərslərdə həmçinin əxlaqi fəzilət və rəzalətlərdən xəbərdar olmaqla yanaşı, onların fəlsəfələri ilə də tanış olacaq, əxlaqi fəzilətlərin mənimsənilməsi, rəzalətlərdən qurtulmağın yollarını öyrənəcəksiniz.

Epistemologiya
Emin İmanlı - Epistemologiya

Darul Hikmət Elm və Tədris Mərkəzində Epistemologiya dərsi Emin İmanlı tərəfindən tədris edilir.

 

Epistemologiya və ya “bilik nəzəriyyəsi” fəlsəfənin üç ana qolundan biridir. Digər iki qolu isə ontologiya və aksiologiyadır; birincisi varlıqdan, ikincisi isə dəyərdən bəhs edir. Epistemologiya isə insanın biliklə bağlı fundamental suallarını əqli metod əsasında araşdıran bir elm sahəsidir.
Bu elmdə müzakirə edilən bütün mövzular bu üç sual – “Bilik nədir?”, “Bilik əldə etmək mümkündürmü?”, “Biliyin qaynaqları hansılardır?” ətrafında dövr edir. Bu üç sual ilk baxışda “üç sual” kimi görünür, amma suala verilən cavabların doğurduğu yeni suallar, əslində, sayıla bilməyəcək qədər çoxdur; bu üç sualdan hər biri özü ilə birgə saysız-hesabsız suallar doğurur. Beləcə, hər bir suala verilən cavabdan yeni suallar və yeni cavablar doğur.Deməli, bütün bunları bir çətir altına toplayan elmin adıdır epistemologiya! 

Məntiq
Elbrus Kərimov - Məntiq

Bu dərsdə aşağıdakı sualların cavabını tapmağa çalışacağıq:
- Məntiq elmi nədir?
İnsan düşünən varlıqdır. Məntiq elmi zehnimizdə sürətlə baş verən həmin düşüncəni yazılı formada bizə təqdim edir. Bununla da zehnimizdə hansı proseslərin getdiyini bizə göstərir.

 

- Məntiq elmi bizə nə öyrədir?
Məntiq elmi düşünməyi deyil, düzgün düşünməyi öyrədir. Bu elm bizi düşüncədə xətadan qoruyur.

 

- Məntiq elmini öyrənmək nə qədər əhəmiyyətlidir?
Məntiq elmi müqabilində dayanan sofistika elmi var. Məntiq elmi düşüncədə xətadan qoruyursa, sofistika elmi isə düşüncədə xətaya səbəb olur. Bu bilərəkdən və ya bilməyərəkdən baş verə bilir.
Məntiq elmi sofistika elminin qarşısında durur və insanları xətaya düşməkdən qoruyur.

 

Məntiq dərslərində hər iki elmin qaydalarından bəhs ediləcək və müqayisəli təhlillər aparılacaq.
Bu dərsdə məntiq elminin 2 predmetindən də danışılacaq:
- Tərif (məchul olan anlayışları necə tərif edə bilərik?)
- Əqli nəticə (düzgün əqli nəticələri necə əldə edə bilərik?)

 

 Məntiq 43 dərsdən ibarətdir.

Qərb fəlsəfəsi
Vaqif Quliyev - Qərb fəlsəfəsi

Darul Hikmət Elm və Tədris Mərkəzində Qərb fəlsəfəsi dərsi fəlsəfə üzrə fəlsəfə doktoru Vaqif Quliyev tərəfindən tədris edilir.

 

Bu dərsdə Qərb və Avropa fəlsəfəsindən, onun tarixindən və mərhələlərindən bəhs ediləcək.
Qərb fəlsəfəsi aşağıdakı mərhələlərdən ibarətdir:
- Yunan fəlsəfəsi (Sokratdan öncəki filosoflar və cərəyanlar, Sokrat və Sokratdan sonrakı filosoflar və cərəyanlar, onların bir-biri ilə əlaqəsi)
- Orta əsrlər dövrü
- Renessansda baş verən cərəyanlar
- Müasir dünyada baş verən cərəyanlar (empirik, rasionalizm, cərəyanların yaranma zərurəti və bir-biri ilə əlaqəsi)
- Fəlsəfi şəxsiyyətlər
- Müasir fəlsəfə

 

Bundan başqa, fəlsəfənin və fəlsəfə tarixinin insan həyatı ilə əlaqəsinin hansı keyfiyyətdə olmasına da nəzər yetiriləcək.

Əxlaq fəlsəfəsi
Vaqif Quliyev - Əxlaq fəlsəfəsi

Əxlaq fəlsəfəsi iki əsas termindən - əxlaq və fəlsəfədən təşkil olunur. Bu dərsdə əxlaq elminə fəlsəfi tərəfdən yanaşma ortaya qoyulacaq.

 

Bu dərsdə aşağıdakı mövzulardan bəhs ediləcək:
- Qərb dünyasında olan əxlaq fəlsəfəsi
- Şərq dünyasında, xüsusən İslam dünyasında olan əxlaq fəlsəfəsi

 

Əxlaq fəlsəfəsində 2 əsas məsələdən bəhs ediləcək:
- Normativ əxlaq sahəsi
3 ünsür normativ əxlaqın əsasını təşkil edir:
a) əməlin nəticəsi (nəticəçilik)
b) əməlin özü nədən ibarətdir? (vəzifəçilik)
c) əmələ aparan qəsd nədir? (fəzilətçilik)
Bu 3 cərəyanın məktəbləri, şəxsiyyətləri haqqında tənqid və mülahizələr ortaya qoyulacaq.

 

- Analitik əxlaq sahəsi (təhlili əxlaq)
Əxlaqın bu sahəsində 2 əsas məsələ araşdırılacaq:
a) əxlaqi rəftarlar (ədalət, xəyanət, əmanət, zülm, doğruluq, yalan və sair)
b) dəyərlər (əxlaqi rəftarların hansı dəyərlərlə qiymətləndirildiyinə baxılacaq)
Analitik əxlaqda həm əməlin özü haqqında, həm də dəyəri haqqında danışılacaq.

Hamısı