Əziz tələbələr!
Hikmət Elm və Tədris Mərkəzi sizi geniş və zəngin elmi mövzuları əhatə edən ödənişsiz və qeydiyyatsız video dərslərlə tanış olmağa dəvət edir!
Təqdim olunan video formatlı dərslər sayəsində istədiyiniz vaxtda və istədiyiniz məkanda öz elmi inkişafınızı təmin edə bilərsiniz.
Hazırda müxtəlif sahələri əhatə edən 22 fərqli dərs mövcuddur. Bu dərslər həm klassik dini elmləri, həm də müasir fəlsəfi və psixoloji yanaşmaları əhatə edir. Hər dərs müvafiq sahədə ixtisaslaşmış müəllimlər tərəfindən təqdim olunur.
Bu dərsdə Kəlam elmi və din fəlsəfəsinin bir yerdə toplanmasından ortaya çıxan mövzulardan bəhs ediləcək.
Kəlam elmi, yəni din fəlsəfəsi, dini məsələlərə fəlsəfi nöqteyi-nəzərdən yanaşmaqdır. Müasir teologiya elmində isə dini məsələlərə daxili yanaşma sərgilənir və dəlillər ortaya qoyulur.
Müasir teologiya dərsində aşağıdakı mövzulara toxunulacaq:
- İman və ağlın münasibətləri
- Şər məsələləri (Şərrin ilahiyyatla, şərrin insan həyatı ilə toqquşub-toqquşmaması)
İman və ağlın münasibətləri 4 cərəyanda izah ediləcək:
- İttihad (Ağıl və imanın qovuşması hansı məqsədlə bəyan olunur, qərb və şərq filosoflarının nəzəriyyələri)
- Vəhdət (Eynilik nəzəriyyəsi: dinin ağlı və ağlın dini əhatə etməsi)
- Kəsişmə (Din və ağlın kəsişən tərəfləri)
- Ziddiyət (Ağlın hüdudları, rasionalizm və fideizm nəzəriyyəsi)
Şər məsələləri mövzusunda isə insan həyatındakı çətinliklər, problemlər və bunların ilahiyyatla təzadda olub-olmamasından danışılacaq. Şər - teizm və ateizmin toqquşduğu əsas mövzulardan biridir. Şərrin ilahiyyatla təzadda olub-olmamasına isə məntiq, fəlsəfə və ekzistensial tərəfdən baxılacaq. Sonda şər mövzusunun İslam mənbələrində olan yerindən də bəhs ediləcək.
Dərsin ikinci hissəsində isə Allahın isbatı dəlilləri və arqumentləri araşdırılacaq.
Tarixən Allahın varlığının sübutları üçün təqdim olunan isbatlar böyük əhəmiyyət daşıyıb. Bu dəlillərin sayı müxtəlif mənbələrdə 8 və ya 10 kimi göstərilir. Bunların da hər birinin, öz növbəsində 3 və 4 təfsiri var.
Həmçinin, dinin mənşəyi mövzusundan geniş şəkildə danışılacaq. Yəni, dinin insan həyatına daxil olmasının səbəbləri, şəraiti və digər məsələlər barədə izahlar veriləcək.
Bu məsələdə iki yanaşma ortaya qoyulacaq və araşdırılacaq:
- Din, dini məsələlərə ehtiyacımız zərurətindən yaranıbmı?
- Din mövcuddurmu və biz də dinə müraciət edərək öz məsələlərimizi həll edirikmi?
Müasir teologiya dərsində dini təcrübə mövzusundan da bəhs ediləcək. Təcrübə dedikdə, iki məsələ nəzərdə tutulur:
- Xarici hiss orqanları ilə əldə edilən məlumatlar
- Daxili duyğularla əldə edilən hisslərin dərk edilməsi
Üsul elmi şəriət hökmlərinin necə əldə edilməsinin yollarını öyrənir.
Dinimizdə peyğəmbər (s) dövründə mövcud olan məsələlərlə yanaşı yaşadığımız dövrün tələblərinə müvafiq olaraq meydana çıxmış yeni şəri məsələlər mövcuddur, həmçinin, müasir insan adıçəkilən məsələlərin hökmünü peyğəmbər (s) və məsumlardan (ə) soruşmaq imkanından məhrumdur. Bu halda, biz yalnız məsumlardan əldə olunmuş üsul qaydaları ilə şəri hökmləri əldə edə bilərik.
Bu dərsdə bir müctəhidin, alimin şəriət hökmlərini necə əldə etməsinin yollarından bəhs ediləcək.
Qeyd edək ki, bəzən üsul elminə fiqh elminin məntiqi də deyilir. Bir fərqlə ki, məntiq elmi ümumi olaraq insana doğru düşünməyi, üsul elmi isə şəriət sahəsində doğru düşünməyi öyrədir və xətadan qoruyur.
Bildiyimiz kimi, İslam şəriəti iki hissədən ibarətdir: fərdi və ictimai hökmlər. Fərdi hökmlər adətən ibadət bölməsini əhatə edir. Bu dərsdə isə ictimai hökmlər, yəni ictimai mövzular haqda danışacağıq. Belə ki, ictimai münasibətləri tənzimləyən qanunlar mövcuddur ki, bunları da İslam şəriəti öz öhdəsinə götürür. Misal olaraq, keçəcəyimiz mövzulardan biri "alış-verişin hökmləri" barəsində olacaq. Nələri almaq və ya satmaq icazəlidir? İcazəli olan şeyləri hansı şərtlər əsasında satmaq olar? İslam şəriətinin ictimai mövzuları məhz belə məsələləri əhatə edir. Tələbələr dərs boyunca bu kimi ictimai məsələlərin şərii tərəflərini öyrənəcəklər.
Bu dərsdə məzhəb anlayışının mənası, İslam məzhəblərinin yaranma şəraiti, səbəbi və tarixindən bəhs ediləcək.
Həmin məzhəblər aşağıdakılardır:
- Şiəlik
- Sünnilik
- Xaricilik
- Sufilik
- Mötəzilik
- Sələfilik
Bundan başqa, din və məzhəb ardıcıllarının müxtəlif dəstələrə bölünməsinə aşağıdakı 4 səbəb üzrə izah veriləcək:
- Bəşər narahatlığının xüsusiyyəti
- İctimai yeniliklər
- Şəxsi mənafelər və məqsədlər
- Azğınlıqların yeni cilvəsi
Qeyd edək ki, Məzhəblər tarixi dərsində “Miləl” və “Nihəl” elmi haqqında da məlumat veriləcək.
Bu dərsdə yer üzündə var olmuş istər səmavi, istərsə də insanların təxəyyülü əsasında formalaşmış batil dinlər haqqında bəhs ediləcək.
Batil dinlər bölməsində aşağıdakı dinlərin yaranma tarixi, inkişaf mərhələləri, ortaq və fərqli xüsusiyyətləri barədə məlumat veriləcək:
- Fetişizm
- Animizm
- Totemizm
Qeyd etmək lazımdır ki, insan təxəyyülü əsasında formalaşmış dinlər əsasən Qədim Roma, Misir, Babilistan, Yunanıstanda yayılmışdır.
Asiyada isə insan təxəyyülünə əsaslanan aşağıdakı dini cərəyanlar formalaşıb:
- Çində konfutsizm
- Yaponiyada şintoizm
- Hindistanda brahmanizm, buddizm və hinduizm.
Bu bölmədə hər 3 dinin tarixi, keçdiyi mərhələlər, bu dinləri gətirən peyğəmbərlər və sair haqqında danışılacaq.
Dinlər tarixi 46 dərsdən ibarətdir.