Dərslərimiz

Əziz tələbələr!

Hikmət Elm və Tədris Mərkəzi sizi geniş və zəngin elmi mövzuları əhatə edən ödənişsiz və qeydiyyatsız video dərslərlə tanış olmağa dəvət edir!


Təqdim olunan video formatlı dərslər sayəsində istədiyiniz vaxtda və istədiyiniz məkanda öz elmi inkişafınızı təmin edə bilərsiniz.


Hazırda müxtəlif sahələri əhatə edən 22 fərqli dərs mövcuddur. Bu dərslər həm klassik dini elmləri, həm də müasir fəlsəfi və psixoloji yanaşmaları əhatə edir. Hər dərs müvafiq sahədə ixtisaslaşmış müəllimlər tərəfindən təqdim olunur.


  • 1. İslam etiqadı (Əqaid) - Elşən İsmayılov
  • 2. İnsanşünaslıq - Ramil Bədəlov
  • 3. Din psixologiyası - Mail Yaqub
  • 4. İslam fəlsəfəsi - Vaqif Quliyev
  • 5. Epistemologiya - Emin İmanlı
  • 6. İslam tarixi - Şahlar Şərifov
  • 7. Hədis elmi və tarixi - Samir Əzizov
  • 8. Məntiq - Elbrus Kərimov
  • 9. İmamların tarixi və təhlili - Elşən İsmayılov
  • 10. Qərb fəlsəfəsi - Vaqif Quliyev
  • 11. Yeni dövr qərb fəlsəfəsi - Vaqif Quliyev
  • 12. Əxlaq fəlsəfəsi - Vaqif Quliyev
  • 13. Məhdəviyyət - Elşən İsmayılov
  • 14. İslam tarixi və təhlili - Elşən İsmayılov
  • 15. Yeni kəlam (Müasir teologiya) - Vaqif Quliyev
  • 16. Dinlər tarixi - Şahlar Şərifov
  • 17. Quranla tanışlıq - Elşən İsmayılov
  • 18. Məzhəblər tarixi - Şahlar Şərifov
  • 19. İslam şəriəti (ibadət bölməsi) - Elbrus Kərimov
  • 20. İslam şəriəti (ictimai mövzular) - Elbrus Kərimov
  • 21. Üsul elmi - Elbrus Kərimov
  • 22. İslam əxlaqı və fəlsəfəsi - Elşən İsmayılov

Video dərslər

İslam etiqadı (Əqaid)
Elşən İsmayılov - İslam etiqadı (Əqaid)

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam etiqadı (Əqaid) dərsi ilahiyyatçı Elşən İsmayılov tərəfindən tədris edilir.

 

Hər bir insanın özünəməxsus dünyagörüşü, əqidəsi var və hər kəs öz əqidəsinə uyğun olaraq yaşamağa cəhd göstərir. Elə bu səbəbdən də insanların yaradanı olan Allah bəndələrinə vəhy göndərməklə, onları əql və təcrübi yolla çata bilməyəcəkləri həqiqətlərdən xəbərdar edir. Haradan gəlib, haradadır, necə bir yaranışdır, haraya gedəcək, necə getməlidir, nə etməlidir, hansı səbəbə yaranıb, necə xoşbəxt ola bilər, dünyadakı hədəfi nədir, o hədəfə necə çata bilər və sair bu kimi suallara cavab verməklə Yaradan öz bəndəsinin əqidəsini formalaşdır. Ona maddi aləmdən başqa mücərrəd aləmin də var olmasından, həmçinin, o aləmə məxsus varlıqlardan xəbər verir. Eləcə də, dünyadan sonrakı axirət aləmində səadət məkanı olan cənnətin, əzab məkanı olan cəhənnəmin dərəcələrindən danışır.
Bütün bu əqidələrin məcmusunu özündə ehtiva edən elm kəlam elmidir (başqa adla əqaid, islam etiqadı)....
Deməli, bu elmdə üç fundamental bölmə var; Tovhid-Ədalət (Yaradanla bağlı) bölməsi, Nübuvvət-imamət (Yaradanla bəndələr arasında vasitəçi olan nümayəndələr) bölməsi və məad (dünyadan sonrakı aləmlə bağlı) bölməsi ...
Bunlardan əlavə, digər əqidə prinsipləri, dinin mahiyyət və fəlsəfəsi, dinin zəruriliyi və sair mövzular bu elmin müzakirə obyektlərindəndir.

İmamların tarixi və təhlili
Elşən İsmayılov - İmamların tarixi və təhlili

Bu dərsdə İslam dünyasının on iki məsum imamının həyat mərhələləri, fəaliyyəti və yaşadıqları dövrlərdə mövcud olan tarixi-ictimai məsələlər elmi-metodoloji yanaşma ilə araşdırılır. Hər bir imamın konkret şəraitdə tutduğu mövqe, verdiyi qərarlar və bu qərarların cəmiyyətə təsiri həm tarixi, həm də mənəvi cəhətdən təhlil edilərək dəyərləndirilir. Dərsin məqsədi yalnız hadisələrin xronoloji ardıcıllığını təqdim etmək deyil, eyni zamanda bu hadisələrin əxlaqi, əqidəvi və ictimai dəyərlərlə necə əlaqələndiyini üzə çıxarmaq və onların dərin mənəvi qatlarını anlamaqdır. İmamların həyat və davranışlarına yanaşmada ideoloji deyil, elmi əsaslara söykənən obyektiv təhlil metodu əsas götürülür. Tarixi faktlarla yanaşı, həmin hadisələrin fəlsəfi və mənəvi mənaları da şərh edilir. Bu baxımdan dərs, imamların həyatını sadəcə nümunəvi bioqrafiyalar kimi deyil, İslam cəmiyyətinin mənəvi təkamülündə mühüm mərhələlər kimi təqdim edir. Eyni zamanda bu dərs, insan davranışlarının mənəvi motivasiyalarını və ictimai nəticələrini öyrənmək baxımından insanşünaslıq üçün də dəyərli bir elmi mənbə rolunu oynayır.



İnsanşünaslıq
Hacı Ramil Bədəlov - İnsanşünaslıq

İnsan yaradılmışların ən üstünüdür. Dünyagörüşündən asılı olmayaraq, hər kəs insanın digər varlıqlardan üstün olduğunu qəbul edir. Bəs görəsən, insanı digər varlıqlardan üstün edən səbəb nədir? Məgər heç zaman günah etməyən mələk insandan üstün deyil? Bu sualın cavabını insan adlanan varlığı doğru şəkildə tanıyandan sonra anlaya bilərik. Əminliklə demək olar ki, varlıq aləminin ən qabaqcıl mövzusu insanın kimliyi və onun həqiqətidir. Amma buna baxmayaraq, bir çoxları tərəfindən bu mövzuya o qədər də əhəmiyyət verilməyib. Tarix boyu insan daha çox zahiri tərəfdən inkişaf etmişdir. Çağımızda elm və texnologiyanın tərəqqisi bunun bariz nümunəsidir. Amma, əfsus, min kərə əfsus ki, insanın həqiqi mahiyyəti bu irəliləmənin kölgəsində, haşiyəsində, hətta kənarında qaldı. Onun həqiqi kimliyi zahiri inkişafda itib batdı. İnsan öz kimliyindən savayı bütün mövzularda müəyyən qədər önə çıxmağı bacardı, buna çalışdı və nail də oldu. Beləliklə, insanın başı daha çox zahiri işlərə qarışdı və o ən mühüm mövzunu unutmuş oldu. Bu çox ürəkyandıran bir haldır. İnsanşünaslıq adlanan bu dərsləri izləyərkən qeyd olunan mövzuları nəzərdən keçirəcək, öz həqiqi kimliyinizlə az da olsa tanış olacaq və özünüz barədə daha çox düşünməyə başlayacaqsınız.

Din psixologiyası
Mail Yaqub - Din psixologiyası

Din psixologiyası dərsində konkret olaraq Quran ayələrinə istinad edilərək, psixoloji məqamları araşdırılıb və təqdim edilib. İnsan psixologiyası 3 əsas hissədə tədqiq edilir: anlamaq, hiss etmək və fiziki rəftar. Sadalanan hər üç sahədə din psixologiyasının yanaşması verilib. Həmçinin müasir psixologiya cərəyanları ilə müəyyən müqayisələr aparılıb

İslam fəlsəfəsi
Vaqif Quliyev - İslam fəlsəfəsi

Bu dərsdə öncə fəlsəfənin nə olduğundan, daha sonra İslamın fəlsəfi yanaşmasından bəhs ediləcək.
Qısaca olaraq nəzərinizə çatdıraq ki, fəlsəfə həqiqəti dərk etmə, bəyan etmə, çatdırma və anlatma üslubu və elmidir. İslam fəlsəfəsi isə bu həqiqətin maddi və qeyri-maddi tərəflərini araşdırır.

 

İslam fəlsəfəsi dərsində aşağıdakı mövzulardan danışılacaq:
- Fəlsəfə nədən ibarətdir?
- İslam fəlsəfəsinin tərkib hissəsi nədən ibarətdir?
- Real tərkib hissədir, yoxsa deyil?
- İslam fəlsəfəsində hansı cərəyanlar var? (məşşailik (prepatik), işraqilik və mütaliə fəlsəfəsi)

 

Dərsdə bəhs ediləcək önəmli mövzulardan biri də vücud (mütləq varlıq) haqqında olacaq. Bu mövzuya aşağıdakı istiqamətlərdən yanaşılacaq:
- Vücudun mahiyyəti
- Nəyə görə vücud İslam fəlsəfəsinin təməlində dayanır?
- Vücudun orijinallığı və qeyri-orijinallığı

 

Daha sonra çoxluq anlayışı araşdırılacaq. Çoxluğun nədən ibarət olduğu və çoxluğun vəhdətə dayanması izah ediləcək.

 

Həmçinin səbəb-nəticə mövzusundan da bəhs ediləcək. Səbəb-nəticənin aləmdəki təsiri, qisimləri və təsnifatı haqqında məlumat veriləcək.

 

Daha sonra aşağıdakı mövzulara da toxunulacaq:
- Maddilik, qeyri-maddilik və isbatlanması
- Fizikallıq, qeyri-fizikallıq və isbatlanması
- Mücərrədlik
- Zaman və məkan anlayışı, mücərrədlikdə rolu
- Molla Sədranın Hikmət fəlsəfəsində substansiyanın hərəkəti

 

Ən sonda ilahiyyat məsələsinə fəlsəfi aspektdən yanaşmaya nəzər yetiriləcək.



İslam tarixi
Şahlar Şərifov - İslam tarixi

Darul Hikmət Elm və Tədris Mərkəzində İslam tarixi dərsi ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifov tərəfindən tədris edilir. 


İslam tarixi dərsində islamın yaranma dövrü, mərhələləri və sair mövzulara toxunulacaq.
İslam tarixinin mərhələləri mövzusunda aşağıdakı dövrlərdən danışılacaq:
- Məhəmməd Peyğəmbərin (s) həyatı
a) Məkkə dövrü – (Peyğəmbərin (s) anadan olması, ailəsi, İslamiyyətdən əvvəlki baxışı, peyğəmbər seçilməsi, dini təbliğatı, İslamı ilk qəbul edən şəxslər, İslamın ilk şəhidləri)
b) Mədinə dövrü – (Hicrətdən sonrakı hadisələr)
- Raşidilər dövrü - (632-661, İslam fəthlərinin genişlənməsi, məsumların (ə) həyatı)
- Əməvilər dövrü - (661-750, Xəlifələrin dindən uzaqlaşması, üsyanların başlaması, Kərbəla hadisəsi, səhabələrə zülmlərin edilməsi)
- Abbasilər dövrü - (750-1258, Xilafət daxilində çaxnaşmaların güclənməsi)
- Misirdə Abbasi xilafəti
- Məmluklər dövrü
- Orta əsrlər dövrü
- Müasir dövr


Bu dərsdə tarixi proseslərlə yanaşı, məsum imamların (ə) tərbiyə metodları, məktəbi, keçdiyi yollar, insanlarla rəftarı və sair mövzulardan da bəhs açılacaq.


İslam tarixi 64 dərsdən ibarətdir.