İnsanlığın nicatı - Hz. Mehdi (ə)

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
4 dəqiqə
Baxış sayı:
55
Blog Image

İnsanlığın “nicatı” haradadır?!
Bu suala cavab tapmaq üçün biz əvvəlcə nicata gedən yol haqqında məlumat əldə etməliyik. Bu yolu isə insanı tanımadan gedə bilmərik. Elə isə...

İnsan kimdir?
İnsan zahirən maddi aləmin bir parçası kimi görünən, daxilən isə ali insani dəyərləri özündə əxz etdirən, kəramət və şərafət məqamına çata biləcək potensialı olan bir varlıqdır.
Maddi aləmlə təması daha çox olsa belə, insan öz daxili aləminə baş vurduqda bu dünyanın elmi, qüdrəti, gözəlliyi və kamalı bir müddətdən sonra onun üçün dəyərini itirir. Maddi nemətlərin onu qane etməməsi bu aləmə aid olmamasının bariz nümunəsidir. Bəs insan hardan gəlib, hara gedir?...
"Biz Allahdanıq və Ona tərəf qayıdacağıq". (Bəqərə,156)
Bu ayə insana öz kimliyindən xəbər verir. İnsan Allahdan qopmuş bir varlıqdır, bütün səy və təlaşı öz mənbəsinə tərəfdir.

İnsan öz mənbəsinə necə qovuşacaq?
Allah insanın ruhunda "fitrət" adlı elə bir mühərrik qərar vermişdir ki, o , insanı Rəbbinə çatdırmaq qüdrətinə malikdir. Digər tərəfdən insanın nəfsi istəkləri də vardır ki, onu dünyaya meyilləndirərək fitrətin səhnədən uzaqlaşmasına səbəb olur. Məhz nəfsin əsarətindən qurtulan insan, fitrəti gündəmə gətirməklə həqiqi kamala, Allaha doğru istiqamətlənəcək.

Bəs insan Allaha nə üçün asanlıqla çata bilmir?
Maddi aləmdə yaşayan insan görə bilmədiyi, mücərrəd olan Allaha asanlıqla çatmaq iqtidarında deyil. Odur ki, insan fitrəti Allaha gedən yolun axtarışındadır və bu yolda qarşısına çıxan bütün kamal nişanələrinə tərəf cəzb olunur.
Allahın ən böyük nişanəsi isə bütün kamillikləri özündə birləşdirən "Ayətullahul-əkbər" olan İmamdır. Ona görə də həqiqi kamal axtarışında olan fitrət İmama tərəf hərəkətdədir.

İmam fitrətin cavabıdır.
İmamla insan fitrəti arasında sinxiyyət vardır. Bu fikri təsdiq etmək üçün Peyğəmbər (s) dövründə olan bir hadisəyə diqqət yetirək:
-Uzaq məntəqədən gələn yaşlı bir şəxs, Peyğəmbərdən sonra kimin canişin olması barədə sual edir. Peyğəmbər bu sualın cavabında həmin şəxsin məsciddə olduğunu və canişini yaşlı adamın özünün tapmasını istəyir. Yaşlı adam insanların içində o şəxsi axtarmağa başlayır və Hz.Əliyə çatanda:"Allaha and olsun ki, bu kişidir bizim İmamımız"- deyə səslənir. Zahirdə nə baş verdiyini anlamasaq belə, bu İmamla fitrət arasındakı uyğunluğun göstəricisidir. Başqa sözlə, qəlb pak olarsa, fitrətin üstü örtülməzsə, Allah övliyasını tanıyar.

Ən üstün əməl...
Allah övliyasını tanımağın nə qədər həyat əhəmiyyətli olduğunu bildikdən sonra ümmət üçün bundan daha üstün bir iş, əməl varmı deyə sual yarana bilər? Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin ən üstün əməli - fərəc (İmam Mehdinin (ə.f) zühuru) intizarında olmaq və Allahdan onun baş verməsini istəməkdir". Demək, daha üstün əməl zəmanənin İmamının intizarında olmaqdır.
Peyğəmbər çatdırmaq istəyir ki, belə biri mərifət əldə etmiş, öz qəlbindən muğayat olmuş kəsdir. Bu şəxsin qəlbi bir hala çatmışdır ki, o İmamının intizarındadır. Çünki bu əməl ən dəyərli əməldir.

Bu əməli bu qədər dəyərli edən nədir?
İlk olaraq İmamın zühuru onun cismani olaraq insanlığa qayıdışıdır, çünki insan fitrətinin səsi olan, onu Allaha yaxınlaşdıracaq, aşiqi olduğu kəsi həm də görmək, ona toxunmaq istəyir. Amma daha da dəyərlisi onun gəlişi ilə yaradacağı möhtəşəm dövlətdə insanlıq  firavanlığın, xoşbəxtliyin kuliminasiyasını yaşayacaq. İnsanlar bu zaman öz Rəbblərinə həqiqi bəndəlik edə biləcək.

İnsanlığın Nicatı...
Bütün suallara cavab verdikdən sonra belə qənaətə gəlirik ki, insanı Allaha aparan nicat yolu məhz İmamdır. İnsan özünü tanıyıb tapdığı zaman İmamını da tapacaq. Özünün fərqində olmayan, fitrətini tanımayan, nəyin axtarışında olduğunu bilməyən bəşəriyyət İmamı anlaya bilməz. Nə zaman ki insanlıq öz susuzluğunu duyacaq, o zaman “nicat” tapacaq!

Buludlar arxasındakı Günəş...
Şükürlər olsun ki, bu gün Allah övliyası, insanlığın nicatı Hz Mehdi ( ə.f) bizim aramızdadır. O gözlərdən uzaq olsa da, könüllərdən uzaq deyil. 
Hz. Mehdi (ə.f) intizarında olan kəslər haqqında buyurur: "Mən qeybdə olan zaman məndən bəhrələnən, Günəş buludun arxasında, gözlərdən gizlin olanda ondan bəhrələnən kimidir". Günəş buludun arxasında olanda insanlar məgər ondan bəhrələnmir? Əlbəttə ki, bəhrələnir. Günəşin özü görünməsə də, onun hərarəti, işığı təzahür olunur. İmam qeybdə olsa da, hər an öz nurunu bəşəriyyətə təqdim edir. 
Sönməyən nur, həyatın mehvəri olan Hz. Mehdinin (ə.f) mövludu münasibətilə hər birinizi təbrik edir və Günəşin buludlar arxasından tezliklə zühur etməsini arzu edirik.

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
4 dəqiqə
Baxış sayı:
55