Alın yazısını kim yazır?

Dərc edildi:
2026-04-09
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
76
Blog Image

Əvvəlki yazımızda insanın azad iradəyə malik olduğunu və Allahın hər şeyi əvvəlcədən bilməsinin bizim seçimlərimizə mane olmadığını vurğulamışdıq. Lakin iradə azadlığından danışarkən cəmiyyətdə tez-tez yanlış anlaşılan, bəzən isə iradəni inkar etmək üçün bəhanəyə çevrilən bir anlayışla qarşılaşırıq - “alın yazısı”.

Bəziləri elə zənn edirlər ki, biz dünyaya gəlməmişdən əvvəl həyatları üçün bir ssenari yazılıb və onlar sadəcə onu icra edən, iradəsiz oyunçulardır. Hətta “filankəsin qisməti, taleyi belə imiş” kimi ifadələrin arxasında gizlənərək, bütün məsuliyyəti Allahın üzərinə atmağa çalışırlar. Halbuki bu mövzuya məntiqi və ilahi qanunauyğunluqlar prizmasından baxdıqda görürük ki, “alın yazısı” əslində hər gün öz əllərimizlə yazdığımız bir həyat gündəliyidir.

Alın yazısı = səbəb və nəticə (qədər və qəza)

El arasında “alın yazısı” deyilən anlayış, əslində kainatdakı səbəb – nəticə qanunundan başqa bir şey deyil. Allah Quranda buyurur: “Biz hər şeyi bir ölçü ilə (qədər ilə) yaratdıq” (Qəmər surəsi, 49). Bu ilahi sistemi iki əsas anlayış vasitəsilə daha aydın başa düşmək olar:

Qədər (səbəb) - insanın etdiyi hər bir əməl, hətta qəlbindən keçən hər bir niyyət belə bir qədərdir. Sədəqə vermək, xoş söz demək, yaxud kiminsə haqqını tapdalamaq — bunların hər biri təsirə malikdir. Başqa sözlə, qədər hadisənin baş verməsinə zəmin yaradan səbəblər toplusudur.

Qəza (nəticə) – səbəblər bir araya gəldikdə baş verən hadisədir. Məhz bu baş verən hadisə bizim “alın yazısı” adlandırdığımız reallıqdır. Qəza — səbəblərin qaçılmaz nəticəyə çevrilməsidir.

Azad iradə və ilahi Qanunauyğunluqlar

Beləliklə, çoxlarının zənn etdiyinin əksinə olaraq, insan faili-muxtardır, yəni seçim etmək ixtiyarına malikdir. Lakin bu azadlıq kainatın  dəyişməz qanunauyğunluqları çərçivəsində mövcuddur. Biz bu aləmin qanunlarına tabeyik, amma həmin qanunlar daxilində nəyi seçəcəyimiz tamamilə öz ixtiyarımızdadır. Məsələn, odun yandırıcılığı bu aləmin qanunudur. Lakin əlimizi oda salıb-salmamaq bizim seçimimizdir. Yanmaq — qanunauyğunluqdan doğan nəticəsidir, amma o nəticəyə gedən yolu seçmək insanın öz iradəsindədir.

Bu səbəbdən heç kim “taleyimdə belə yazıldığı üçün bu səhvi etdim” deyə bilməz. Onu bilməliyik ki, həyatımız əvvəlcədən yazılmış ssenari deyil, biz səbəb-nəticə qanununa müvafiq olaraq qarşımıza çıxan situasiyalarda azad şəkildə seçim etməklə öz həyat trayektoriyamızı cızırıq.

Tale iradənin aynasıdır

İnsanın ixtiyar sahibi olmasının əlamətlərindən biri də onun daxili aləmidir. Əgər biz bir hərəkəti həqiqətən məcburi şəkildə etsəydik, heç vaxt peşmançılıq hissi keçirməzdik. Peşmançılıq və vicdan əzabı o zaman yaranır ki, insan daha yaxşı bir seçim edə biləcəyini anlayır, lakin səhv yolu seçdiyini dərk edir.
Beləliklə, vicdanın səsi — insanın azad iradəyə malik olduğunun, seçimlərində məsuliyyət daşıdığının göstəricilərindən biridir.

Deməli, alın yazısı — insan iradəsinin kainat qanunları ilə birləşərək reallığa çevrilməsidir. İnsan azad yaradılıb və məhz bu azadlıq sayəsində mənəvi ucalıqlara yüksəlmək imkanı qazanır.  Allah bu ilahi qanunu Quranda belə ifadə edir: “Həqiqətən, bir millət öz nəfsində olanı dəyişmədikcə, Allah da onun halını dəyişməz” (Rəd surəsi, 11). Bu ayə açıq şəkildə göstərir ki, gələcəyimiz bugünkü  seçimlərimizin nəticəsidir. Tale bizim məcburiyyətimiz deyil, iradəmizin məhsuludur. Buna görə də son dərəcə diqqətli olmalıyıq. Çünki sabah taleyimizdə oxuyacağımız sətirləri, əslində, bu gün etdiyimiz seçimlərlə yazırıq.

“İnsana yalnız öz zəhməti (səyi və əməli) qalar” (Nəcm surəsi, 39).

Dərc edildi:
2026-04-09
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
76
Hamısı