Həyatda Necə Uğur Qazanaq?

Bu təlim həyatımızı daha məqsədli və intizamlı şəkildə yaşamağa kömək edir. Burada uğur anlayışının müxtəlif formalarından – az, çox, nisbi və mütləq uğurlardan – bəhs olunur və onların necə fərqləndirilməsi öyrədilir. Təlim iştirakçıları həyatda qarşılarına çıxan seçimlərdə hansı istiqamətin daha faydalı və davamlı olduğunu ayırd etməyi öyrənirlər. Təlim insanın gündəlik işlərdə belə mənəvi məqsədlərə yönələ biləcəyini göstərir. Məqsəd, yalnız maddi deyil, həm də mənəvi baxımdan insana dəyər qatan uğurların arxasınca getməyi bacarmaqdır. Real həyat nümunələri və praktik yanaşmalar sayəsində təlim insanların həyatlarına dərhal tətbiq edə biləcəkləri yeni baxışı formalaşdırır.

Elşən İsmayılov
Elşən İsmayılov

İlahiyyatçı, islamşünas, teoloq, din xadimi, tədqiqatçı və pedaqoq olan Elşən İsmayilov  “Hikmət” Elm və Tədris Mərkəzinin təsisçisi və direktoru olmaqla yanaşı, eyni zamanda bu mərkəzdə Fəlsəfə, Əqaid, Əxlaq, İslam tarixi, İrfan, Məhdəviyyət, Quran elmləri və digər fundamental İslam elmlərini tədris edir. 


Təhsil və elmi-pedaqoji fəaliyyət

Elşən İsmayılov 2010-cu ildə  Bakı İslam Universitetində bakalavr və magistr təhsilini uğurla başa vurmuş, paralel olaraq fərdi şəkildə elmi səviyyəsini inkişaf etdirmişdir. Elmi fəaliyyətinə erkən mərhələdə başlamış, müxtəlif tədris müəssisələrində çalışaraq ilahiyyat elmlərinin tədrisi sahəsində zəngin təcrübə qazanmış, yüzlərlə tələbənin elmi və mənəvi inkişafına töhfə vermişdir.

Məscid fəaliyyəti
2014–2023-cü illər ərzində Məşədi Dadaş məscidində imam-camaat və ilahiyyatçı kimi fəaliyyət göstərmişdir. Bu dövrdə o, dini maarifləndirmə istiqamətində geniş miqyaslı işlər görmüş, təbliğ və tədris fəaliyyətini davam etdirmişdir.

“Hikmət” Elm və Tədris Mərkəzi
2014-cü ildə təsis etdiyi Hikmət Elm və Tədris Mərkəzi, İslam elmlərinin sistemli və analitik yanaşma ilə tədrisini hədəf götürmüş, eyni zamanda fəlsəfi düşüncənin inkişafına yönəlmiş elmi platforma kimi fəaliyyət göstərmişdir. Mərkəz 2023-cü ilə qədər həm canlı, həm də virtual dərslərlə yanaşı, seminarlar, mühazirələr və elmi tədbirlərin təşkili sahəsində də geniş fəaliyyət göstərmiş, 2023-cü ildən sonra isə ancaq virtual fəaliyyətini davam etdirmişdi.
Hal-hazırda Mərkəz, müasir elmi tələblərə cavab verən onlayn tədris imkanlarını təqdim edir. Mərkəzdə tədris fəaliyyəti ilə yanaşı, elmi təhlillər aparılır, dərs vəsaitləri hazırlanır, həmçinin dini və fəlsəfi əsərlər yazılır və tərcümə olunur. Bu istiqamətdə görülən işlər, yalnız bilik ötürmək deyil, həm də elmi ədəbiyyatın zənginləşdirilməsi və tənqidi düşüncə mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəz, daim yenilənən metodlara əsaslanaraq tələbələrə müasir və çevik tədris mühiti təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Tədrisin keyfiyyəti, tələbə məmnuniyyəti və elmi yeniliklərə açıq yanaşma Hikmət Mərkəzinin əsas prinsiplərindən biridir.


Elmi yanaşma və tədris üslubu
Elşən İsmayılovun elmi yanaşması, vəhyin mahiyyətini müasir insan üçün anlaşılan bir dilə çevirmək, dini düşüncəni fəlsəfi, irfani, psixoloji, tarixi və sosioloji prizmalardan izah etmək üzərində  qurulmuşdur. O, dini mətnləri yalnız ənənəvi şərhlərlə deyil, həm də müasir düşüncə tələblərinə cavab verən təhlil metodları ilə izah edərək, onları həyatın aktual problemləri ilə əlaqələndirir.
Tədrisində fəlsəfi dərinlik, məntiqi ardıcıllıq, irfani baxış və praktik yanaşma əsas yer tutur. Elmi əsaslara söykənən dərsləri, çıxışları və xütbələri ilə dinin yalnız formal çərçivədə deyil, yaşanan və düşünülən bir konsepsiya kimi təqdiminə çalışır. 


Daha ətraflı məlumat və Elşən İsmayılovun elmi fəaliyyətləri ilə tanış olmaq üçün elshanismayilov.az saytına daxil ola bilərsiniz. 



Video Thumbnail
Play

Həyatda Necə Uğur Qazanaq?

0