İnsan azad iradəyə malikdirmi?

Dərc edildi:
2026-01-29
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
77
Blog Image

İnsan azad iradəyə malikdirmi? Allahın hər şeyi bilməsi insan seçim azadlığını əlindən alırmı?

İnsanları tez-tez dərindən düşündürən, hətta bəzi məqamlarda Allahın ədalətini belə sual altına aparan çox həssas bir sual var: “Əgər Allah bizim sabah nə edəcəyimizi, hansı qərarı verəcəyimizi əvvəlcədən bilirsə, biz necə azad ola bilərik?”. 

İlk baxışda elə görünə bilər ki, Allahın hər şeyi bilməsi bizim seçim azadlığımızı, yəni iradəmizi əlimizdən alır. Lakin gəlin bu məsələyə daha dərindən baxaq və “bilmək” ilə “məcbur etmək” anlayışları arasında olan incə, lakin həyati fərqi birlikdə kəşf edək.

Bir hadisəni öncədən bilmək, həmin hadisəni törədən şəxsi məcbur etmək anlamına gəlmir. Allahın hər şeyi bilməsi Onun mütləq və əzəli olan elmi sayəsindədir. Bunu daha yaxşı anlamaq üçün bir nümunəyə diqqət edək. Təsəvvür edin ki, bir astronom Günəş tutulmasının dəqiq vaxtını illər öncədən hesablayıb xəbər verir. Vaxtı çatanda Günəş tutulması həqiqətən də baş verir. Belə bir vəziyyətdə sual yaranır: Günəş tutulması astronomun bildiyi üçün baş verdi, yoxsa astronom Günəşin tutulmasının baş verməsini bildiyi üçün bunu bizə bildirdi? Şübhəsiz ki, astronomun bilməsi hadisənin baş verib-verməməsinə təsir etmir, o sadəcə baş verəcək reallığı öncədən qeydə alır. Allahın elmi də buna bənzəyir, lakin mahiyyət etibarilə daha dərindir. Allah hesablamır, O mütləq şəkildə bilir. Allahın əzəli elmi zamanın  fövqündədir. Bizim üçün keçmiş, indiki və gələcək zaman anlayışları mövcuddur, lakin Allah üçün zaman anlayışı yoxdur və hər şey Onun yanında hazırdır. Deməli, bizim seçimlərimiz Allahın bizim nəyi seçəcəyimizi bilməsindən asılı deyil; Allah əzəli elmə malik olduğu üçün bizim seçimlərimizdən xəbərdardır.

Məhz bu məqamda azad iradənin mövcudluğu bizi çox mühüm bir hikmətin həqiqətindən — mükafat və cəzanın məntiqindən xəbərdar edir. Əgər insanların seçim imkanı olmasaydı, mükafat və cəzanın da heç bir mənası qalmazdı və həyat sadəcə proqramlaşdırılmış bir ssenarinin icrasına çevrilərdi. Üstəlik insanlara məcburən etdikləri əməllərə görə mükafat və ya cəza verilməsi ilahi ədalətə zidd olardı. Halbuki, Qurani-Kərimdə “Zilzal” surəsinin 7–8-ci ayələrində buyurulur: “Kim zərrə qədər xeyir iş görmüşdürsə, onu görəcək. Kim də zərrə qədər şər iş görmüşdürsə, onu görəcək”.  Bu ayələr açıq şəkildə göstərir ki, insan həm xeyri, həm də şəri seçmək qabiliyyətinə malikdir və bunun üçün məsuliyyət daşıyır. Əgər insan məcbur edilsəydi, Allah “kim nə edibsə, onu görəcək”  buyurmazdı. Əks halda insanlar Qiyamət günü haqlı olaraq deyə bilərdilər: “İlahi, biz öz seçimimiz olmadan, bizə əvvəlcədən yazılmış bir ssenarini yaşadıq və bizə verilən rolu oynadıq. Bəs niyə cəzalandırılırıq?”. Bu iddia Allahın kamil ədalətini sual altına aparardı. Halbuki Allah ədalətsiz deyil və bu, insanların azad iradə sahibi olmasının ən güclü dəlillərindən biridir.

Bu iradə eyni zamanda insanın təkamül prosesinin təməl daşıdır. Çünki insan yalnız öz iradəsi ilə etdiyi əməllər nəticəsində mənəvi yüksəliş əldə edə bilər. Məcburən edilən heç bir əməl ruhun təkamülünə səbəb olmur. İnsan təkamül etmək üçün iradəyə sahib olmalı, xeyirlə şər, nəfslə ağıl arasında seçim etməlidir. Təkamül daxili mübarizənin nəticəsidir. Mübarizə olan yerdə inkişaf, inkişaf olan yerdə isə nicat var. Məhz buna görə də “Şəms” surəsində Mütəal Allah buyurur: “Nəfsini təmizləyən mütləq nicat tapmışdır”. Burada “təmizləmək” - təkamül etdirmək, kamilləşdirmək mənasındadır. Deməli, azad iradə olmasaydı nə mükafatın, nə ruhun təkamülünün, nə də ilahi ədalətin bir mənası qalardı. 

Onu da qeyd etmək lazımdır ki, bu mövzu ilə bağlı cəmiyyətdə çox geniş yayılmış “alın yazısı” anlayışı da müzakirə olunmalıdır. Əksər insanlar, hətta dindar olsalar belə, bu məsələ ilə yanlış təsəvvürə malik olurlar. Növbəti yazımızda bu mövzu ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirməyi planlaşdırırıq.

Dərc edildi:
2026-01-29
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
77
Hamısı