İslam dini insanları səadətə çatdırmaq üçün göndərilmişdir. İslam əmr və qadağalardan ibarətdir. İnsanlar Allahın əmrlərinə itaət etdikcə yaxşı nəticə əldə edirlər, qadağalarından çəkinmədikcə isə tam əksi baş verir. (Mövzu haqqında ətraflı oxumaq üçün əvvəlki yazılarımıza müraciət edə bilərsiniz.)
Qiyamətdə, axirətdə hesab-kitabın fəlsəfəsi də elə budur. Yaxşı nəticəyə çatanların yeri cənnət, pis nəticələrə çatanların yeri isə cəhənnəm olacaq.
Ancaq burada bir sual yaranır: İslam dini ilə tanışlığı olmayan insanın aqibəti necə olacaq? Ola bilər ki, islam dini hansısa bir coğrafiyaya çatmasın. Yəqin, hər birimizin həyatında keçmişdən tanıdığımız kəslər olub, hansı ki, onların dinlə tanışlığı olmamışdır. Belə kəslərin aqibəti maraq doğurur.
İlk olaraq əqli və məntiqi müstəvidə sualın cavabını verməyə çalışacağıq. Ondan sonra da dini mətnlərdən istifadə edərək sualı cavablandıracağıq. Əgər bir insana, bir cəmiyyətə islam dini çatmamışdırsa, təbii ki, onlar məsuliyyət daşımayacaqlar. Çünki insan bildiyi şey barəsində məsuliyyət daşıyır. Təsəvvür edin, Allah qiyamətdə belə kəsləri cəzalandırır; sizcə, bu Allahın ədalətinə uyğun olarmı? Əlbəttə ki, xeyr. Bu, sadə bir məntiqdir. Biz həyatımızı da bu məntiqin üzərində qururuq. Məsələdən xəbərsiz olan dost-tanışlarımızı heç bir zaman cəzalandırmırıq və ya onlara qəzəblənmirik. Niyə? Çünki məsələdən xəbərsizdirlər, bilmədən ediblər. Əlbəttə, ilk öncə burada bir neçə məsələni nəzərə almalıyıq və sonra yuxarıda söylədiyimiz məntiqi irəli sürməliyik:
1. Bəzi işlər vardır ki, insan onun pis olduğunu fitrətən bilir. Yəni din bu barədə bir söz söyləməsə də, insan həmin işlərin pis olduğunun fərqindədir. Məsələn, "körpə uşağı öldürmək pisdir", "oğurluq etmək pisdir", "kiminsə namusuna əl uzatmaq pisdir" və s. bu kimi hökmləri təsdiqləmək üçün dinə ehtiyac varmı? Əlbəttə ki, xeyr. Bunların pis olduğunu insan zatən bilir. Bunlar zülmdür, insan da zülmün pis olduğunu bilir. Ancaq "gündə on yeddi rükət namaz qılmamaq pisdir", "Ramazan ayında bir ay oruc tutmamaq pisdir" və s. kimi hökmlərin pis olduğunu mütləq şəkildə din təsdiqləməlidir. Dinlə tanış olmayan insan bu hökmlərdə üzrlü sayılacaq, lakin fitrətin, ağılın təsdiqlədiyi hökmlərdə insan üzrlü sayılmayacaq və buna görə məsuliyyət daşıyacaq;
2. Bəzi insanlar islam dini ilə tanış olmasa da, digər dinləri haqq bildiyi halda o dinlərin qanunlarına uyğun davranmalıdır. Çünki o dinləri haqq bilir. İslam dini də bu kəslərə gəlib çatmayıb ki, hansı dinin haqq olduğunu doğru şəkildə ayırd etsin. İstisnalar var. Ola bilər ki, digər dinlərdə insan fitrətə, ağıla qarşı zidd qanun görsün. Bu zaman, təbii ki, o qanuna əməl etməsə, məsuliyyət daşımır;
3. "Cahili-qasir" olmalıdır, "cahili-müqəssir" olarsa, üzrlü sayılmayacaq. Yəni araşdırma imkanına heç cür sahib olmayan kəs üzrlü sayılacaq. Ola bilər ki, bir dinin varlığını bilir və onu araşdıra bilər, lakin bilərəkdən bu işi tərk edir. Əlbəttə ki, belə insan üzrlü sayılmayacaq. Çünki araşdırma imkanına sahib idi və bir dinin varlığından agah idi.
Yuxarıda dediklərimizdən başqa hallarda dinlə tanış olmayan hər bir insan Allah qatında üzrlü sayılacaq. Təbii ki, belə insanlar cəhənnəmə getməyəcək. Onların yeri cənnət olacaq. İndi isə dini mətnlərə keçid edək:
"Biz peyğəmbər göndərməmiş (heç kəsə) əzab verən deyilik." ("İsra", 15)
Ayənin zahirindən göründüyü kimi, insana din peyğəmbər vasitəsilə çatır. Peyğəmbərin varlığından xəbərsiz olan kəs, əslində, dinin varlığından xəbərsizdir. Bu da onu göstərir ki, din kiməsə çatmırsa, əslində, din ona göndərilməmişdir hələ. Belə olduqda Allahın kimisə cəzalandırması məntiqsizlik olar.
İmam Baqir buyurur: "Allah Öz mərhəməti ilə "müstəzəf"ləri (haqla tanışlıq əldə edə bilməyənləri) günahlarına görə cənnətə daxil edə və ya cəhənnəmə göndərə bilər, lakin heç bir halda onlara zülm etməz (hər halda onları davranış və əməllərinə görə mükafatlandırar). ("Əl-kafi", səh: 408, cild 2, rəvayət 1)