Bu sual, bəlkə də, ilk baxışda normal görünməyə bilər. Məgər cənnətə getmək pis bir şeydir? Axı yaxşı bir şey barəsində niyə sual verilsin? Ancaq hər yaxşılığın da bir qaynağı, səbəbi vardır. Təbii ki, obyektə nisbətdə yaxşılıqların səbəbi fərqlənə bilər. Bu baxımdan, bu yazıda sözügedən sualı cavablandırmağa çalışacağıq. Hansı ki, söhbət Allahın yaxşılığından gedir. Bundan öncəki yazımızda cəhənnəmin yaranma səbəbindən danışdıq. Eyni fikri cənnət barəsində də demək olar. Yəni cənnət yaxşı əməllərin təcəssümüdür. İnsan Allahın əmr və qadağalarına riayət etməklə ruhunu təkamül etdirir. Bununla da ruhuna adekvat olan məkanda məskunlaşır. Amma, gəlin, məsələyə irfani aspektdən yanaşaq. Qənaətimizcə, ariflərin cənnət və cəhənnəm barəsindəki təsvirləri daha mükəmməldir. Lakin ariflərin fikirlərini demədən öncə bir dini mətnə müraciət edək.
İmam Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin Allaha nə üçün ibadət etdiklərini bu şəkildə açıqlayır: "İbadət edənlər üç hissəyə bölünür: birinci hissə Allaha qorxudan ibadət edənlərdir, bu, qulların ibadətidir. İkinci hissə Allah-taalaya savab üçün ibadət edənlərdir, bu, muzd alanların, tacirlərin ibadətidir. Üçüncü hissə isə eşq və məhəbbətə görə Allaha ibadət edənlərdir, bu da azad insanların, aşiqlərin ibadəti və ən üstün ibadətdir" ("Biharul-ənvar, cild 70, səh: 236).
İmam Sadiq (ə) ən mükəmməl ibadətdən danışır. Bəli, elə bəndələr var ki, doğurdan da, onlar üçün cənnət prioritet deyil. Əslində, onlara görə cənnətin heç bir əhəmiyyəti yoxdur. Cənnət sadəcə "lazimədir"/"gərəklik"dir. Gəlin, bir neçə misalla bunu izah edək: dörd rəqəminin gərəkliyi cütdür. Dörd rəqəmində cütlük xüsusiyyəti olmasa, bu rəqəmi dörd adlandırmaq olmaz. Başqa misal: evin bir gərəkliyi var, həmin gərəklik onun bünövrəsi, sütunudur. Sütun olmasa, ev də olmaz. Ancaq bunların (cütlük və sütun) heç biri əsl məsələ deyil. Əsl məsələ dörd və evdir. Digərləri sadəcə bunları təşkil edir. Qayıdaq əsas mövzumuza. Cənnət Allahla olan görüşün gərəkliyidir. Yəni burada prioritet məsələ cənnət deyil. Cənnət sadəcə aşiqlə məşuqun görüşündən doğan bir gərəklikdir. Görüş yerinin təyin olunan bir məkanı olmalıdır. Cənnət də Allaha qovuşmaq üçün ən gözəl məkandır.
Nəticədə ariflərə görə, "Allah niyə bizim cənnətə getməyimizi istəyir?" sualının cavab budur: biz Allahın bəndəsiyik, Ondan ayrı düşmüşük, Allah bizi Özünə qaytarmaq üçün bələdçi (islam dini) göndərib. Allah istəyir ki, Ona qayıdaq, bunun üçün də cənnətə getməliyik, çünki görüşün təyinat nöqtəsi məhz oradır.
"Ey insan! Həqiqətən, sən Rəbbinə qovuşana qədər çalışıb-çabalayırsan. Nəhayət, Ona qovuşacaqsan." ("İnşiqaq", 6)