Allah kainatı necə idarə edir?

Dərc edildi:
2025-07-08
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
19
Blog Image

Allah-taalanın insanı yaratmaqda hədəfi kamaldır, insanın ali dəyərlərə çatmasıdır. Allah ən kamil varlıq olduğuna görə, hətta kamalın özü olduğuna görə yaratdıqlarını da mükəmməl şəkildə idarə etməlidir. Bir sözlə, Allah hər cəhətdən kamilliyə üstünlük verməlidir ki, bunlardan biri də kamil şəkildə "rəbb" olmaqdır. Amma, görəsən, Allah məxluqatı necə idarə edir? Hər birini müstəqil şəkildə və ya belə desək, birbaşa onlara müdaxilə edərək? Bu yazıda sözügedən suallara aydınlıq gətirməyə çalışacağıq.

Allah-taala aləmi mükəmməl bir sistem əsasında yaratmışdır. Həmin sistem səbəb-nəticə (determinizm) qanunu əsasında işləyir. Bu qanunda hər bir maddi nəsnə özünə uyğun nəticə yaradır. Məsələn, odun təsiri yandırmaqdır, ya da ki, tüstünü gerçəkləşdirməkdir. Bundan ötəsi budur ki, maddi nəsnə mücərrəd nəsnənin yaranmasına da səbəb ola bilir, yaxud da əksinə. Əlbəttə, bunları müəyyənləşdirmək çətindir. Ancaq bizə məlumdur ki, səbəb-nəticə qanunu qarşılıqlı təsirə malikdir. Hansı ki, dini mətnlərdə bunlar barədə çoxlu nümunələr vardır. Ona görə də nəticənin meydana gəlməsi Allahın hər bir insana/hadisəyə birbaşa müdaxiləsi ilə olmur. 

Bu aləmdə hər bir şeyin özünəməxsus təsirləri vardır, aləm səbəb-nəticə qanunu ilə praqmatik şəkildə idarə olunur. Bu qanun Allahdandır və təbii ki, nöqsansızdır. Çünki qanun pak olan kamal sahibindən vücuda gəlmişdir. Lakin bir məsələni nəzərinizə çatdıraq ki, adıçəkilən qanunun mənası bu deyil ki, Allah bütün işlərdən kənarda qalmışdır. Allahın bu qanunla yaradılışı idarə etməsi elə müdaxilə etmək deməkdir. Bu fərqlə ki, Allah hansısa nəticəni birbaşa Özü meydana gətirmir. O bu mükəmməl qanunla əvvəlcədən hər bir şey üçün bir ölçü təyin etmişdir (Əlbəttə, bu ölçülərin/təsirlərin özü ontoloji, yaxud da şərti olması ayrı bir mövzudur ki, başqa yazılarda buna işarə olunacaq).

Quran və hədislərdə determinizm qanunu barədə ətraflı danışılmasa da, nümunələrinə işarə olmuşdur və bu da qanunun İslam tərəfindən qəbul edilməsinə dəlildir. O cümlədən bu qanun təbiət hadisələri ilə yanaşı, insanların əməllərinə də hakimdir. Yuxarıda qeyd etdiyimiz kimi, maddi və mücərrəd həqiqətlər qarşılıqlı təsirə malikdir. Məsələn, "Tur" surəsinin, 21-ci ayəsində deyilir: "Onların əməllərindən heç bir şeyi əskiltməyəcəyik. Hər kəs qazandığının (öz əməlinin) girovudur". Həmçinin "Kəhf" surəsinin, 49-cu ayəsində buyurulur: "Onlar etdikləri əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kimə zülm etməz". O cümlədən "Rəd" surəsinin 11-ci ayəsində oxuyuruq: "Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz”. 

Ayələrə diqqət etsək görəririk ki, insanlar səbəb-nəticə qanununa tabedirlər. Sonuncu ayədə gördüyümüz kimi, Allah insanı yaxşıya doğru dəyişmək istəyir, amma insan bunu istəmədikdə, heç zaman pis xüsusiyyətlər yaxşıları ilə əvəzlənə bilməz. Yəni səbəb reallaşmadığı təqdirdə nəticə reallaşa bilmir. İnsanın dəyişməyə potensialı olmalıdır ki, Allah onu da dəyişə bilsin. 

Dərc edildi:
2025-07-08
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
19
Hamısı