1. Allah fəyyazdır; yəni Allahda bütün kamallar cəm olmuşdur. Sonsuz, qeyri-məhdud kamala sahibdir və insanlara Öz kamalından bəxş edir. Necə ki, Quranda buyurur: "Rəbbinin neməti (heç kimə) qadağan deyildir." ("İsra", 20).
2. Allah xeyir mənbəyidir; yəni bütün xeyirlər Ondan qaynaqlanır.
3. İnsanın yaradılışında xeyir vardır; yəni əgər Allah insanı yaratmasaydı, xeyir etməmiş olardı. Halbuki O, xeyir mənbəyidir.
Əgər xeyir mənbəyi xeyir iş görmürsə, deməli, kənar amillər Onu bundan çəkindirmişdir. Təbii ki, belə bir şey Allah üçün təsəvvür olunmazdır. Çünki O, qüdrət sahibidir, heç bir şey ona mane ola bilməz.
İndi isə dediklərimizi daha aydın şəkildə izah edək:
İnsanın yaradılışındakı hədəf mərifətdir/Allahtanımadır. Başqa sözlə desək, sonsuz feyz mənbəyi olan Allahı tanımaqla insan təkamül edir, ali insani dəyərlərə yiyələnir. Onu tanımaq səbəb olur ki, insan Allaha gözəl bəndə olur. Gözəl bəndəlik də insanın təkamülünə şərait yaradır.
Belə bir təkamül yalnız insana məxsusdur. Bu səbəbdən, insan bütün varlıqlardan üstün hesab olunur - "Biz Adəm oğullarını/övladlarını üstün etdik" ("İsra", 70).
Əlbəttə ki, Allahı tanımağın yolu da ibadətdir - istər xüsusi ibadət olsun, istərsə də ümumi. Hədislərdə bu ayənin "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" ("Zariyat", 56) izahında deyilir ki, burada "ibadət"dən məqsəd mərifətdir.
İbadət, sadəcə, mərifətə vasitə olduğuna görə ayədə gəlmişdir. Yaxud da belə demək olar ki, ibadətin özü də ilkin hədəfdir. Ali hədəf isə Allahtanımadır. İnsan ilkin hədəfi gerçəkləşdirməlidir ki, ali hədəf də gerçəkləşsin.
Deməli, dediklərimizdən aydın olur ki, Allah insanı yaratmaqla xeyir iş etmiş olur. Yəni elə bir varlıq yaradır ki, Onun sonsuz kamallarından faydalansın. Nəticədə bu fayda insanı kamilləşdirir. Əgər Allah xeyir mənbəyidirsə, belə bir xeyri edə bilirsə, həmçinin Ona heç kəs/heç bir şey mane ola bilməzsə, insanı niyə yaratmasın? Məsələn, bizim xeyir vermək imkanımız varsa, heç bir maneə yoxdursa, niyə bu xeyri etməyək? Axı xeyir vermək yaxşı bir işdir! Xülasə, insanın yaradılışı xeyirdən başqa bir şey deyil.