Allah dünyada niyə pisliklərə və müsibətlərə icazə verir?

Dərc edildi:
2025-12-03
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
25
Blog Image

Müasir dövrdə elm inkişaf etdikcə, insanın qarşılaşdığı suallar da daha çox fəlsəfi dərinlik qazanır. Bu suallardan biri də budur: “Allah dünyada niyə pisliklərə və müsibətlərə yol verir?”

Bu suala cavab vermək üçün əvvəlcə bir neçə əsas məsələyə aydınlıq gətirmək lazımdır.

1. Allahın yaratdığı aləmdə hər şey hikmətə əsaslanır.
İlk növbədə anlamaq lazımdır ki, Allahın yaratdığı heç bir şey məqsədsiz və səbəbsiz deyil. Maddi dünyada pislik və müsibətlər mövcuddur – bunu inkar etmək olmaz. Lakin sual budur:
Bu pislikləri birbaşa Allah göndərir, yoxsa insan öz əməllərinin nəticəsini yaşayır?
Quranda bu məsələ çox aydın şəkildə izah olunur:
ِ… ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاس
İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr…(Rum 41)

Ayə bildirir ki, insanın etdikləri əməllər – günahlar, zülmlər, haqsızlıqlar – həm cəmiyyətin sosial nizamını, həm də təbiətin balansını pozur. Yəni insan əməli ilə aləmin nizamına təsir edəcək gücə malikdir.
İmam Sadiq (ə) buyurur:
“Dəniz varlıqlarının həyatı yağışdan asılıdır. Yağış yağmayanda həm quru əraziləri, həm də dənizləri fəsad bürüyür. Bu, günahlar çoxalan zaman baş verir”.
Bu hədis də göstərir ki, bir çox müsibətlərin kökü insanın öz davranışlarının nəticəsidir.

2. İnsan ixtiyar sahibidir – ixtiyar pislik ehtimalını zəruri edir.
Əgər Allah insanın ixtiyarını tamamilə əlindən alsaydı, insan yaxşı ilə pisi ayırd edə bilməzdi və heç bir mənəvi təkamül mümkün olmazdı. Hər bir əxlaqi dəyər, yəni fədakarlıq, ədalət, təvəkkül, səbir yalnız ixtiyar varsa mənalıdır.
Quran buyurur:
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
Biz ona iki yol göstərdik. (Bələd, 10)


Deməli, pisliyin mövcudluğu, insanın seçim etmək qabiliyyətinə malik olmasının təbii nəticəsidir.

İxtiyar varsa, seçim var; seçim varsa, həm yaxşılıq ehtimalı var, həm də pislik.

3. Pislik və müsibətlərin hamısı mütləq pislik deyil.
İnsan gündəlik həyatda qarşılaşdığı hadisələrin çoxunu “pislik” kimi qiymətləndirir. Lakin buradakı əsas sual budur:
Bu pisliklər həqiqətən “mütləq yoxsa “nisbi” pislikdir?

Mütləq pislik – insan ruhunun tənəzzül etməsinə və nəticə etibarilə axirətdə əzaba düşməsinə səbəb olan əməllərdir.

Nisbi pislik – dünyada çətinlik kimi görünən, amma insan ruhununun təkamülünə və axirətinin abad olmasına səbəb ola biləcək hadisələrdir.

Məsələn: xəstəlik, maddi çətinlik, əziyyət, müsibət, əgər insan bu sınaqlardan düzgün keçirsə, dünya və axirətdə bunlar onun üçün xeyrə çevrilir. Bu baxımdan onlar mütləq pislik deyil.
Ona görə də dünyadakı bütün müsibətləri “pislik” kimi qiymətləndirmək düzgün deyil.

4. Dünya həyatının məqsədi axirət üçündür.
Qurana görə insanın həyatı yalnız dünya ilə məhdudlaşmır. Ölüm yeni bir aləmə keçiddir. İnsan axirətdə əməllərinin həm mükafatını, həm də cəzasını alacaq. 

Bu dünyadakı çətinliklər də insana bu şəkildə xeyir gətirə bilər: Səbir, təvəkkül, təslimiyyət kimi mənəvi keyfiyyətləri inkişaf etdirir. Yəni Allahın hikməti baxımından dünyadakı çətinliklərin məqsədi insanı həlak etmək deyil, onu yetişdirməkdir.


Odur ki, insan qarşılaşdığı çətinlikləri düzgün dəyərləndirdikdə, onları öz xeyrinə çevirə bilər. Əks halda, həmin çətinliklərdən əziyyət çəkdiyi halda belə, nəticədə yenə özü zərər görmüş olacaq.

Dərc edildi:
2025-12-03
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
25
Hamısı