Allah dini niyə göndərib?

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
43
Blog Image

Bundan öncəki yazılardan bildik ki, Allah insanın xeyrə çatmasını və pislikdən çəkinməsini istəyir. Həmçinin bildik ki, varlıq aləmi səbəb-nəticə qanunu əsasında idarə olunur. Bəziləri elə düşünürlər ki, din insana əxlaqı öyrətmək üçün göndərilib. Haqlı olaraq da irad edilir ki, "Əxlaqı biz özümüz öyrənə bilmərik ki?!". Çünki əxlaqı insan din olmadan da öyrənə bilər. 

Əgər əxlaqdan məqsəd etik normalardırsa, təbii ki, bunun üçün insanların dinə ehtiyacı yoxdur. Belə ki, bu normaları din söyləməsə də, insan özü onlara riayət etməyin zəruriliyini dərk edə bilər. Yəni bu məsələ qeybdən xəbərin gəlməsini zəruri edəcək qədər mürəkkəb deyil. Bəs, yaxşı, din niyə göndərilib? Bu suala cavab verməyə çalışacağıq:

1. Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir. Elə səbəblər var ki, yaxşı nəticələrə gətirib çıxarır. Elə səbəblər də var ki, əksinə, xoşagəlməz nəticələri doğurur. Məsələn, insan düzgün qidalandığı təqdirdə, bədəni sağlam olar. Düzgün qidalanmaq insan üçün yaxşı nəticəni meydana gətirir. Əks halda, pis nəticənin yaranmasına səbəb olacaq.

2. Varlıq aləmində qüvvədə olan səbəb-nəticə qanunu təkcə maddi yönə malik deyil. Bəzən maddi səbəbdən mücərrəd nəticə yaranır. Həmçinin əksi də ola bilər. O cümlədən mücərrəd səbəbdən də mücərrəd nəticə yarana bilər. 

3. İnsan maddi səbəblərin nələrə qadir olduğunu bilir. Məsələn, oda toxunsaq əlimizin yanacağını bilirik. Adətən, insan maddi nəsnələrin nələrə qadir olduğundan xəbərdardır.

İnsan yalnız maddi səbəblərin maddi nəticələrini anlaya və görə bilir. Ancaq mücərrəd nəticələri yalnız din bizə öyrədə bilər. Məsələn, dini mətnlərdə donuz ətinin insanın ruhuna nə qədər zərərli olduğu qeyd olunur. Halbuki kimsə deyə bilər ki, donuz əti, əksinə, insanın sağlamlığına xeyirlidir (maddi nəticə).

Biz isə deyirik ki, bu, mümkündür, ancaq insan ruhuna da nəzarət etməlidir. İnsan məsələyə təkcə maddi tərəfdən baxmamalıdır. Axı biz təkcə bədəndən təşəkkül tapmamışıq. Ruhumuza zərərli olan şeylər axirətimizi bərbad edə bilər.

Digər nümunələrə də toxunmaq olar. Məsələn, valideynə "uf" demək, qohumlara baş çəkmək, namazın vacib olması və s. bu kimi məsələlərin insanın ruhuna zərərli və ya xeyirli olduğunu yalnız din vasitəsilə bilmək olar. Bütün bunlar etik normalardan ötədir.

Deməli, din etik normaları öyrətmək üçün gəlməyib. Din ona görə göndərilib ki, bizə başqa aləmin var olduğunu desin və müəyyən əməllərimizin o aləmdə yaxşı və yaxud da pis nəticə verə biləcəyindən xəbər etsin. Başqa sözlə, əməllərin bu dünya ilə o biri dünya arasındakı təkvini əlaqəsindən xəbərdar etsin.

"Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz". ("Bəqərə", 216).

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
2 dəqiqə
Baxış sayı:
43