Allah cəhənnəmi niyə yaratdı?

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
42
Blog Image

Yəqin ki, bir çoxumuz "Niyə Allah bəzi insanları cəhənnəmə aparır" sualı ilə rastlaşmışıq. Bu yazıda həmin sualı cavablandırmağa çalışacağıq. Əvvəlki yazılarda qeyd etdiyimiz kimi, dinin gəlmə səbəbi insanın təkamül etməsidir, bununla da ali insani dəyərlərə yiyələnməsidir.

Allah xaliqdir, bütün kamil xüsusiyyətlərə malik olan bir varlıq xaliqiyyətdə də kamil olmalıdır. Bu cəhətdən, Allah bizi yaratmaqla, əslində, mükəmməl bir əsər meydana gətirmişdir. Bizim digər varlıqlardan fərqimiz budur ki, biz azad iradəyə sahibik. Azad iradə ilə keşməkeşli həyatla mübarizə apararaq ali xüsusiyyətlərə yiyələnirik.

İnsan mübarizə apararaq ruhunu təkamül etdirə bilir və "kamil insan" adına layiq görülür. Daha dəqiq desək, "kamil insan"a çevrilir. O cümlədən əvvəlki yazıda qeyd etdik ki, Allah xeyir mənbəyidir. İnsanın yaradılışında da xeyir vardır.

İndi isə gələk əsas məsələyə, düzdür, cəhənnəmin yaradılışı barəsində müxtəlif fikirlər mövcuddur, lakin biz bu yazıda çalışacağıq ki, müxtəsər şəkildə və ən yaxşı tərzdə fikrimizi siz əziz oxuculara təqdim edək. Dünya əməllərin zahiri formasıdır, axirət isə batini. Dünyadakı əməllər axirətdə şiddətli formada təzahür edəcək. Bu, həm yaxşı əməllər ola bilər, həm də pis. "Kəlam" və "Fəlsəfə" elmində buna "əməllərin təcəssümü" deyilir.

"Əməllərin təcəssümü"nün mənası odur ki, insanın etdiyi yaxşı əməllər cənnətdə nemət şəklində təzahür edəcək. Pis əməllər isə müxtəlif pis şəkillərdə təzahür edəcək. "Əməllərin təcəssümü" nəzəriyyəsinə görə, insan cənnət və cəhənnəmi özü dünyada ikən yaradır. Yəni insanın axirətdə məskunlaşdığı yeri, əslində, öz əməllərinə adekvat olacaq. Allah kimisə cəhənnəmə aparmır.

İnsan, sadəcə, əməllərinin batini tərəfini müşahidə edəcək. Necə ki, Quranın "Tariq" surəsinin 9-cu ayəsində buyurulur: "O gün bütün sirlər ortaya çıxarılacaqdır". İrfan elmində "sirr" sözü çox vaxt "batin" mənasını ifadə edir. Bir şeyin, bir kəsin batini tərəfi və yaxud da həqiqəti. Ayə bizə bunu çatdırmaq istəyir ki, dünyada hər şey sirr olaraq qalır. Bir şeyin həqiqəti bəlli deyil. Qiyamətdə isə hər şeyin həqiqi tərəfi görünəcək.

Qiyamətdə heç kəsə zərrə qədər də zülm olunmayacaq. Hətta heç kəs etiraz etməyəcək. Çünki hər kəs dünyada hansı kimliyə sahib idisə, qiyamətdə də elə həmin kimliyi aşkar olacaq. Başqa sözlə, hər kəs sahib olduğu həyatının həqiqi formasını görəcək. Xülasə, insan cəhənnəmə getmir, cəhənnəmi öz əməlləri ilə yaradır.

İnsan Allahın əmrlərinə itaət etməklə və qadağalarından çəkinməklə öz axirətini gözəlləşdirə bilər. Əməllərinin keyfiyyətinə diqqət etsə, həqiqət aləmində onları gözəl şəkildə görər. Bu, Allahın yaradılışının mükəmməl şəkildə olması deməkdir. Allah cəhənnəm adlı qorxunc yeri yaradıb sevmədiyi bəndələrini ora atmır. İnsan özü öz əlləri ilə cəhənnəmi yaradır. Pis insan zatən cəhənnəmdə yaşayır. Sadəcə olaraq, cəhənnəmin həqiqətini hələ görmür.

"O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə (məhşər yerindən) ayrılacaqlar. Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu (əvəzini) görəcək. Kim də zərrə qədər pis bir iş görmüşsə, onu (əvəzini) görəcəkdir". ("Zəlzələ", 6, 7, 8)

Dərc edildi:
2025-07-29
Oxuma vaxtı:
3 dəqiqə
Baxış sayı:
42